Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki o, şəhər inkişafı sahəsində regional yanaşmaları qlobal yanaşmalarla birləşdirir.
Bu barədə "Report"a forum çərçivəsində "Wearable Sustainable City" layihəsinin meneceri, memar Qada Abdel Latif bildirib.
Onun sözlərinə görə, bu gün qadınlar dayanıqlığı, təhlükəsizliyi, mobilliyi, inklüzivliyi və gündəlik şəhər həyatını birləşdirən insanyönümlü həllər təklif edərək, dayanıqlı və təhlükəsiz şəhərlərin formalaşmasında mühüm rol oynayırlar.
Abdel Latif qeyd edib ki, bir çox ölkələrdə qadınların şəhər planlaşdırılması proseslərində iştirakı hələ də məhdud olaraq qalır, çünki qərarqəbuletmə sistemləri çox vaxt əsasən kişilərin üstünlük təşkil etdiyi və cəmiyyətin real ehtiyaclarından kənarda qalmaqdadır.
"Qadınlar və qızlar özlərini təhlükəsiz hiss etmirlərsə, nəqliyyat və infrastruktur sistemlərinə çıxış, təmsilçilik və cəlb olunma imkanlarına malik deyillərsə, şəhər həqiqətən dayanıqlı hesab edilə bilməz", - o vurğulayıb.
Abdel Latifin sözlərinə görə, Bakıdakı Qadınlar Assambleyasında onu ən çox ruhlandıran məqam qadınların səslərini şəhərlərin inkişafı və beynəlxalq əməkdaşlıq üzərində real təsirə çevirmək imkanıdır.
O, həmçinin qeyd edib ki, assambleyanın əsas mesajı inklüziv şəhərlərin daha güclü, ağıllı və dayanıqlı olmasından ibarətdir.
"Ümid edirəm ki, bu forum uzunmüddətli iştirak, tərəfdaşlıqlar, praktiki təşəbbüslər və gələcəyin şəhərlərinin formalaşmasında qadınların daha fəal iştirakını yaradacaq", - Abdel Latif bildirib.
Telegramda izləyin