Fransa Avropa Açıq Gündəliyinin məqsədlərinin irəlil aparılması üçün "UN-Habitat" ilə fəal əməkdaşlıq edərək əlçatan mənzil məsələlərinə və müxtəlif əməkdaşlıq formalarının inkişafına xüsusi diqqət yetirir.
"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.
Onun sözlərinə görə, Fransa əlçatan mənzil üzrə işçi qrupunu dəstəkləyir və "UN-Habitat"ın tərəfdaş ölkələr tərəfindən praktiki həllərin tətbiqinə yönəlmiş bilik platformasını maliyyələşdirir. Bundan başqa, Paris təşkilatın Fransa paytaxtındakı ofisinin dəstəklənməsi üçün 250 min avro ayırır.
Sofi Laqut qeyd edib ki, ilin sonuna qədər Paris ofisi Fransa və Avropa təcrübəsinin təşviqi üçün platformaya, həmçinin davamlı inkişaf sahəsində tədqiqatçılar və praktiklərin əməkdaşlıq edəcəyi məkana çevriləcək.
O, həmçinin bildirib ki, Fransa 2019-cu ildən şəhər və mənzil tikintisi daxil olmaqla, davamlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib. Bu məbləğdən təxminən 400 milyon avro Afrika, Asiya, Karib hövzəsi və Asiya-Sakit okean regionunda həssas ərazilərin bərpası və zərər çəkmiş ərazilərin yenidən qurulması layihələrinə ayrılıb.
Telegramda izləyin