Son xəbərlər
Son xəbərlər

Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər

Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər"İsti aylarda qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi əhəmiyyətli dərəcədə artır".

Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı diyetoloq Anastasiya Lebedeva deyib.

"Bu halın əsas səbəbi qidaların keyfiyyətinin aşağı düşməsi deyil, yüksək hərarət, saxlama qaydalarının pozulması və gigiyena tələblərinə riayət edilməməsidir.

Yay fəslində virus və bakteriyaların çoxalma sürəti artır. Nəticədə qışda tam təhlükəsiz olan qidalar isti havada çox tez xarab olur. Süd məhsulları, dəniz məhsulları, ət, kremli şirniyyatlar, salatlar və souslu yeməklər tez xarab olan və riskli məhsullar hesab edilir.

İnsanlar evdən kənarda daha çox qidalanır, çimərliklərdə, bazarlarda və küçə köşklərində yemək alır, fərqli təamlardan dadır və məhsulların saxlanma şəraitinə daha az diqqət yetirirlər. İqlim, su və qidalanma rejiminin dəyişməsi isə orqanizmə əlavə yük yaradır.

İnfeksiyaların mənbəyi çox vaxt məhz su olur. İçkilərə əlavə edilən buz, yaxşı yuyulmamış meyvə-tərəvəzlər və naməlum mənbələrdən götürülmüş sular ciddi təhlükə yarada bilər. Fərqli sanitariya şəraitinə malik ölkələrə səyahət edərkən xüsusilə diqqətli olmaq lazımdır.

İnsanlar istirahətdə olarkən gigiyena qaydalarına qarşı daha diqqətsiz davranırlar. Unutmaq olmaz ki, zərərli mikroorqanizmlər heç də həmişə yeməyin dadını və ya xarici görünüşünü dəyişdirmir", - deyə mütəxəssis bildirib.

Uşaqların orqanizmində susuzlaşma böyüklərlə müqayisədə daha tez baş verdiyi üçün ekspert uşaqlı ailələrə xüsusi ehtiyatlı olmağı tövsiyə edib. Profilaktik tədbir olaraq yalnız təmizliyinə əmin olduğunuz suyu içmək, əlləri tez-tez yumaq, şübhəli iaşə obyektlərindən uzaq durmaq və hazır yeməkləri soyuducudan kənarda saxlamamaq məsləhət görülür.

Mütəxəssis sonda əlavə edib ki, spirtli içkilərin qidanı dezinfeksiya etməsi ilə bağlı yayılmış fikirlər tamamilə yanlışdır:

"Üstəlik, isti günlərdə spirtli içkilər susuzlaşmanı daha da şiddətləndirə bilər. Şiddətli ürəkbulanma, qusma, yüksək hərarət və ya kəskin halsızlıq halları baş verərsə, dərhal həkimə müraciət etmək mütləqdir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 148   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife