Son xəbərlər
Son xəbərlər

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Nikol Paşinyan hələ də ölkənin siyasi gündəmini müəyyənləşdirən əsas fiqur olaraq qalır. İlkin rəsmi nəticələrə görə, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən 49,8 faizini toplayaraq seçkilərin qalibi olub və hökuməti formalaşdırmaq üçün kifayət qədər üstünlük əldə edib. Müxalifətdə yer alan Rusiyaya yaxın qüvvələr isə gözlədikləri nəticəni əldə edə bilməyiblər. Bu seçkilər təkcə Ermənistanın daxili siyasi həyatı üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Faktiki olaraq, Ermənistan cəmiyyəti qarşısında iki seçim var idi: ya Paşinyanın təklif etdiyi sülh və regional inteqrasiya xətti, ya da köhnə qarşıdurma siyasətinə qayıdış. Seçkinin nəticələri göstərdi ki, erməni seçicilərin əhəmiyyətli hissəsi ölkənin yeni reallıqlara uyğunlaşmasının tərəfdarıdır. " Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az -a danışarkən deyib.

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir. Lakin bu, prosesin problemsiz davam edəcəyi anlamına gəlmir. Ermənistan daxilində revanşist qüvvələr, kilsə ətrafında formalaşan siyasi qruplar və xarici təsir mərkəzləri bundan sonra da müxtəlif vasitələrlə sülh prosesinə mane olmağa çalışacaqlar. Digər mühüm məqam ondan ibarətdir ki, seçkilərin nəticələri Rusiyanın Ermənistan üzərindəki ənənəvi təsir imkanlarının zəiflədiyini göstərir. Seçki kampaniyası dövründə Ermənistanın geosiyasi istiqaməti əsas müzakirə mövzularından biri idi və nəticələr Qərblə əməkdaşlığın davam etdirilməsi xəttinə ictimai dəstəyin hələ də mövcud olduğunu nümayiş etdirdi".

"Düşünürəm ki, Azərbaycana münasibət baxımından isə bu nəticələr daha çox proqnozlaşdırıla bilən siyasi mənzərə yaradır. Çünki son illərdə sülh danışıqlarını aparan tərəf məhz Paşinyan hakimiyyəti olub. Bununla belə, Bakı üçün əsas məsələ seçkinin qalibinin kim olması deyil, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Regionda davamlı sülhün təmin olunması yalnız real addımlar atıldığı halda mümkün olacaq. Hesab edirəm ki, bu seçkilər bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar artıq Ermənistanın daxili siyasətinə də ciddi təsir edir və bundan sonra rəsmi İrəvanın atacağı addımlar təkcə ölkənin deyil, bütün Cənubi Qafqazın gələcəyində müəyyən rol oynayacaq."- deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 823   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife